Tələbələr üçün Maarifləndirici Seminar və Praktik Təlim Uğurla Keçirildi

Telebeler ucun Maariflendirici Seminar ve Praktik Telim Ugurla Kecirildi

Bu gün KVET Əlavə Təhsil və Beynəlxalq Sertifikatlaşdırma Mərkəzi tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələr üçün maarifləndirici seminar və praktik təlim proqramı təşkil olundu.

 Təlimin əsas məqsədi gənclərimizin gələcəkdə istehsalat və sənaye sahələrində daha hazırlıqlı, praktik bacarıqlara malik və rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmasına dəstək olmaqdır. Tədbir zamanı tələbələr istehsalat mühitində tələb olunan bilik və bacarıqlar, praktiki təlimlərin əhəmiyyəti və gələcək karyera imkanları barədə geniş məlumat əldə etdilər.

 Seminar və praktik təlim yüksək səviyyədə və böyük maraqla keçdi. Xüsusilə sevindirici hal ondan ibarət oldu ki, tələbələr praktik biliklər əldə etməyə böyük həvəs göstərdilər və təlim boyu aktiv iştirak etdilər. Təlimin sonunda iştirakçılar tərəfindən ünvanlanan çoxsaylı suallar təlimçimiz tərəfindən yüksək peşəkarlıqla və ətraflı şəkildə cavablandırıldı.

 Təlimin yekununda proqramda iştirak edən tələbələrə İştirakçı Sertifikatları təqdim olundu.

Biz bu fürsətdən istifadə edərək tədbirin yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə və təşkilatçılara dərin minnətdarlığımızı bildiririk. Universitet müəllimlərinin tələbələrə verdiyi fundamental bilik və peşəkar hazırlıq gənclərin gələcək uğurlarının əsasını təşkil edir.

 KVET Əlavə Təhsil və Beynəlxalq Sertifikatlaşdırma Mərkəzi olaraq isə bu biliklərin praktiki mühitdə tətbiqinə dəstək göstərməyi, təhsil ocaqları ilə sənaye müəssisələri arasında səmərəli əməkdaşlıq platforması yaratmağı və ölkəmizin sənaye sektoru üçün təcrübəli mütəxəssislərin yetişdirilməsinə töhfə verməyi özümüzə əsas məqsəd hesab edirik.

Gənclərimizin inkişafı və onların gələcək uğurları naminə hər zaman yanlarında olmağa və dəstək göstərməyə hazırıq.